Puaro da yeməyini bitirib qalxdı və vestibülə tərəf addımladı. Orada yenidən müsyö Bukla qarşılaşdı. Təzəcə söhbət etməyə başlamışdılar ki, bayaqkı mehmanxana işçisi Puaroya yaxınlaşdı. Günahkarcasına gülümsəyirdi.
– Bu, ağlasığmazdır, müsyö! Birinci dərəcəli vaqondakı bütün yerlər satılıb!
– Nə danışırsan! – müsyö Buk qışqırdı. – Bu mövsümdə bilet tapılmır?
Sonra üzünü Puaroya tutub dedi:
– Darıxma, dostum, bir şey fikirləşərik. 16-cı kupeni hər ehtimala qarşı həmişə boş saxlayırıq. Bələdçi sənə elə həmin kupeni verər. Vaxtdır, gedək.
Stansiyada qəhvəyi rəngli forma geyinmiş qatar bələdçisi cənab Buku gülərüzlə qarşıladı:
– Axşamınız xeyir, müsyö. Buyurun, sizin yeriniz birinci kupedədir.
– Eşitmişəm ki, birinci dərəcəli vaqondakı bütün yerlər tutulub. Bu, doğrudur? – Buk bələdçidən soruşdu.
– Ah, müsyö, bu, doğrudan da, çox qəribədir! Elə bil bütün dünya səyahətə çıxmaq üçün bu günü gözləyirmiş!
– Hər halda, ümidvaram ki, bu hörmətli cənaba bir yer təşkil eləyərsiniz. Müsyö Puaro yaxın dostumdur, 16-cı yeri ona verin.
– O yer tutulub, müsyö.
– Necə? 16-nı da tutublar?
– Dediyim kimi, müsyö. Birinci dərəcəli vaqonda bircə boş yerimiz belə qalmayıb!
– Deməli belə, Belqradda qatara «Afina» vaqonu, bir də «Buxarest-Paris» vaqonu qoşulacaq. Orada sizə yer tapılar, – Buk Puaroya dedi. – Amma biz Belqrada sabah axşam çatacağıq. Bugecəlik sizi harasa yerləşdirməliyik.
Sonra üzünü bələdçiyə tutub soruşdu:
– İkinci dərəcəli vaqonda da boş yerimiz yoxdur?
– Bir yer boşdur, müsyö, amma…
– Nədir, problem var?
– Məsələ burasındadır ki, həmin kupedə bir alman xanım var.
– Əcəb işdir! – cənab Buk qəzəblə donquldandı. – Bu boyda qatarda ən hörmətli qonağa yer tapılmır!
– Müsyö, əslində, ikinci dərəcəli vaqondakı 7-ci yer də boşdur…
– Bəs bunu niyə bayaqdan demirsiniz? – Buk bələdçinin üstünə çımxırdı.
– Bilirsiniz, o yerin sahibi var, ancaq hələ gəlib çıxmayıb.
Qatar isə 4 dəqiqədən sonra yola düşür.– Sahibi kimdir ki?
– Hansısa ingilisdir… – bələdçi siyahıya baxıb dedi. – Cənab Harris.
– Deməli belə, – səbri tükənmiş Buk dilləndi. – Müsyö Puaronun çamadanlarını həmin kupeyə aparın. İşdir, əgər cənab Harris gəlib çıxsa, ona deyərsiniz ki, gecikib, biz onu bu qədər gözləyə bilməzdik. Ya da başqa bir şey fikirləşib taparsınız, bu artıq sizin öz işinizdir.
– Baş üstə, müsyö!
Bələdçi Puaronun çamadanlarını gətirən yükdaşıyana kupeni göstərdi. Sonra nəzakətlə Puaroya yol verdi.
– Lap axıra kimi gedin, müsyö. Axırdan əvvəlki kupe sizinkidir.
Puaro dəhliz boyunca irəliləyərək kupesinə gedib çatdı. İçəridə bir nəfər vardı. O, mehmanxanada gördüyü cavan amerikalını dərhal tanıdı.
– Bağışlayın, amma, deyəsən, səhv gəlmisiniz, – amerikalı dedi.
– Cənab Harris sizsiniz? – Puaro soruşdu.
– Xeyr. Mənim adım Hektor Makkuindir. Mən…
Elə bu vaxt bələdçi kupeyə girib günahkarcasına dedi:
– Vaqonda başqa boş yer yoxdur, müsyö. Bu cənab sizin kupedə qalmalı olacaq.
Sonra qapını açıq saxladı ki, yükdaşıyan Puaronun çamadanlarını kupeyə yerləşdirsin.
– 7-ci yer sizindir, müsyö, üstdəki yataq. Bir dəqiqədən sonra qatar yola düşür.