Aqata Kristi
Şərq ekpresində qətl
© ALTUN KİTAB MMC – 2020
I. Faktlar
Soyuq bir qış səhəri idi. Yerli vaxtla saat 5 radələrində «Tavr ekspresi» adlanan qatar Suriyanın Hələb stansiyasında dayanmışdı. Kupeli vaqonun pilləkənləri qarşısında iki nəfər söhbət edirdi. Onlardan biri gənc fransız leytenantı Dübosk idi. O, təptəzə mundir geyinmişdi, şıq zabit görkəmi vardı. Düboskun həmsöhbəti isə paltosunun yaxalığını qaldırıb şərfini də boynuna elə sarımışdı ki, yalnız soyuqdan qızarmış burnu, bir də sivri ucları yuxarı burulmuş qəribə bığları görünürdü.
Leytenant Dübosk bu adama qarşı həddən artıq nəzakətlə davranırdı, hərçənd onu yaxşı tanımırdı. Bircə onu bilirdi ki, bu belçikalı centlmen qarnizona gələndən sonra bir həftə ərzində hamı gərginlik içində qalmışdı. Axırda qəribə hadisələr baş vermişdi: yüksək çinli zabitlərdən biri intihar etmiş, digəri istefa vermişdi. Bundan sonra ara sakitləşmiş, leytenantın tabeliyində olduğu general isə birdən-birə sanki on yaş cavanlaşmışdı.
Dübosk «öz» generalı ilə yad adamın söhbətini ucundan-qulağından eşitmişdi. – «Siz bizi xilas etdiniz! – həyəcanla danışan generalın çal bığları titrəyirdi. – Fransız ordusunun şərəfini qorudunuz, qan tökülməsinə imkan vermədiniz! Xahişimi yerə salmayıb bura gəldiyiniz üçün heç bilmirəm sizə necə minnətdarlıq eləyim! Bu qədər uzaq məsafə qət etmək…»
Yad adam (onu Erkül Puaro deyə çağırırdılar) isə cavabında ədəb-ərkanla: – «Nə danışırsınız, general! Məgər həyatımı xilas elədiyinizi yaddan çıxara bilərdim?!» – demişdi. General da bundan sonra yenə Fransa, Belçika, şərəf, namus barədə nələrsə mızıldanmış, axırda dostlar səmimiyyətlə qucaqlaşıb ayrılmışdılar. Leytenant indiyəcən söhbətin nədən getdiyini bilmirdi, amma yenə də parlaq gələcəyi olan gənc zabit kimi cidd-cəhdlə vəzifə borcunun öhdəsindən gəlməyə çalışırdı.
– Bu gün bazardır, – Dübosk dilləndi. – Sabah axşam, yəni bazar ertəsi İstanbulda olacaqsınız.
O artıq bu sözləri neçənci dəfə idi ki, təkrarlayırdı. Əslində, qatar yola düşənə qədər edilən bütün söhbətlər, demək olar, bu cür təkrarçılıqdan ibarət idi.
– Tamamilə doğrudur, – Puaro dedi.
– Yəqin, İstanbulda bir neçə gün qalarsınız?
Leytenant Dübosk saatına baxdı: cəmi 5 dəqiqədən sonra qatar yerindən tərpənəcəkdi.
– Ümid eləyirəm ki, Tavr dağlarında çovğuna düşməzsiniz. Ümumiyyətlə, bu il hava sarıdan bəxtimiz gətirir, – leytenant bunu deyib vaqonun pəncərəsinə baxdı.
– Bəs Avropada necə, soyuqdur? – Puaro soruşdu.
– Çox! Balkan yarımadasına yaman qar yağıb.
– Hə, deyirlər, Almaniyada da hava pisdir…
Elə bu vaxt qarşısında dayandıqları kupenin pərdəsi aralandı, cavan bir xanım pəncərədən çölə baxmağa başladı. Bu, Meri Debenhem idi. O, keçən cümə axşamı Bağdaddan yola düşmüş və o vaxtdan bəri, demək olar ki, yatmamışdı. İndi isə havasız vaqonda boş yerə uzanmaqdan təngə gəlib ayağa durmuşdu ki, pəncərədən çölə baxsın. Əslində, baxmalı bir şey yox idi: adi, yarıqaranlıq perron idi, vəssalam. Uzaqdan ərəbcə sözlər eşidilirdi. Pilləkənlərin yanında fransızca söhbət edən iki nəfər Meri Debenhemin diqqətini cəlb etdi. Fransız ordusunun zabiti ilə söhbət edən cənabın bığları ona qəribə gəldi. Qızın dodağına təbəssüm qondu. «Gör necə bərk-bərk bürünüb! Yəqin, bayırda hava çox soyuqdur, amma içəridə adamın istidən ürəyi sıxılır» – o öz-özünə mızıldandı. Sonra vaqonun pəncərəsini aşağı salmağa çalışsa da, gücü çatmadı.