Orhan Pamuk
ATAMIN BAVULU
Orhan Pamuk / BABAMIN BAVULU
Bakı, Qanun Nəşriyyatı, 2013 100 səhifə. 1000 tiraj
Türkcədən tərcümə: Emin Əliyev
Nəşriyyat redaktoru: Xalid Kazımlı
Korrektorlar: Gülnar Elşənqızı,
Tünzalə Xəlilqızı
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros. , II Alatava 9
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
ISBN 978-9952-26-574-3
© Qanun Nəşriyyatı, 2013
© İletişim Yayıncılık A. Ş. , 2007
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu» na ziddir.
Atamın bavulu
Ölümündən iki il əvvəl atam öz əlyazmaları və dəftərləri ilə dolu bir bavulu mənə verdi. Həmişəki zarafatcıl ədası ilə məndən onları ölümündən sonra oxumağımı xahiş etdi. Utanaraq belə dedi: “Bir bax bəlkə gələcəkdə işinə yarayacaq nəsə olar bavulda. Bəlkə məndən sonra seçər və nəşr etdirərsən”.
Yazı otağımda, kitabların arasında söhbət edirdik. Atam sanki ona əzab verən bir yükdən qurtulmaq istərmiş kimi bavulu hara qoyacağını bilmədən yazı otağında dolaşmağa başladı. Sonra əlindəki bavulu gözə çarpmayan bir yerə qoydu. Bizi utandıran bu unudulmaz an bitər-bitməz ikimiz də hər zamankı rollarımıza, həyatı daha yüngül qəbul edən, zarafatcıl ədamıza geri dönərək rahatlaşdıq. Həmişəki kimi havadan, sudan, həyatdan, Türkiyənin bitib-tükənməz siyasi dərdlərindən və atamın çoxu müvəffəqiyyətsizliklə nəticələnənişlərindən çox da kədərlənmədən danışdıq.
Atam getdikdən sonra bavulun ətrafında bir neçə gün ona heç toxunmadan aşağı-yuxarı gəzdiyimi xatırlayıram. Kiçik, qara, dəri bavulu, qıfılının yuvarlaq kənarlarını uşaqlığımdan bəri tanıyırdım.
Atam səyahətə gedərkən və bəzən də evdən işə nəsə daşıyarkən həminbavulu özü ilə aparırdı. Uşaq ikən bu kiçik bavulu açıb səfərdən qayıdan atamın əşyalarını qarışdırdığımı, içindən ətrafa yayılan ətir və xarici ölkə qoxusundan ləzzət aldığımı xatırlayıram. Bu bavul mənim üçün uşaqlıq xatirələrindən də çox şey ifadə edən, tanıdığım cəzbedici bir əşya idi, amma nədənsə indi ona toxuna bilmirdim. Niyə?
Əlbəttə ki, bavulun içindəki gizli yükün əsrarəngiz ağırlığı üzündən.
Bu ağırlığın mənasından danışacağam.Bu, bir otağa qapanıb, bir masaya oturub, kənara çəkilərək kağızla, qələmlə özünü ifadə edən insanın etdiyi şeyin, yəni ədəbiyyatın mənası deməkdir. Atamın bavuluna toxunub onu aça bilmirdim, amma içindəki dəftərlərin bəzilərindən xəbərdar idim. Dəftərlərə bir şeylər yazarkən atamı görmüşdüm. Bavulun içindəki ağırlıq ilk dəfə hiss etdiyim bir şey deyildi.
Atamın böyük bir kitabxanası var idi. Gənclik illərində, 40-cı illərin sonunda İstanbulda şair olmaq istəmiş, Valerini türkcəyə tərcümə etmiş, lakin oxucunun onsuz da az olduğu bir ölkədə şeir yazıb ədəbi bir həyatın çətinliklərini yaşamaq istəməmişdi.
Atamın atası, yəni babam zəngin bir iş adamı idi. Atam rahat bir uşaqlıq və gənclik həyatı keçirmişdi. Ədəbiyyat üçün, yazı üçün çətinlik çəkmək istəmirdi. Həyatı bütün gözəllikləri ilə sevirdi. Onu anlayırdım. Məni atamın bavulunun içindəkilərdən uzaqlaşdıran birinci qorxu, əlbəttə ki, oxuduqlarımı bəyənməmə qorxusu idi. Atam da bunu bildiyi üçün tədbirini almış, özünü bavulun içindəkiləri ciddi qəbul etmirmiş kimi göstərmişdi. İyirmi beş illik yazıçılıq həyatımdan sonra bunu görmək məni kədərləndirirdi, amma ədəbiyyatı yetərincə ciddiyə almadığı üçün atama təəssüflənmək istəmirdim. Əsl qorxum atamın yaxşı bir yazıçı olması ehtimalı idi. Atamın bavulunu sırf bu səbəbdən açmaqdan qorxurdum. Bunun səbəbini özümə söyləyə bilmirdim.