Nizami Gəncəvi
Oğluma nəsihət
Gəncliyin tərənnümü
Nizami Gəncəvi bəşər bədii fikrinin inkişafında ən şərəfli yerlərdən birini tutan nadir sənət dahisidir. Dahi şairin çoxcəhətli zəngin irsi elə yarandığı dövrdən başlayaraq milli və coğrafi sərhədləri aşaraq Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrətlənmiş, məhəbbətlə oxunmuş, öyrənilmiş, təqdir edilərək izlənilmişdir.
Nizami şeirində əsrlərdən bəri bəşəriyyəti düşündürən nəcib arzu və humanist ideyalar tərənnüm edilmiş, ustad sənətkar bədii fikir tarixini insan səadəti, mənalı ömür, yaradıcı əmək və bunlara əsaslanan azad, ədalətli cəmiyyət və başqa bu kimi əhəmiyyətini heç vaxt itirməyən yüksək ideallarla zənginləşdirmişdir. Buna görədir ki, Nizami irsi bütün dövrlərdə müasir məna daşımış və bu gün də zəmanənin qarşıya çıxardığı məsələlərlə yaxından səsləşməkdədir.
Bu baxımdan Nizami poeziyasında özünün hərtərəfli həllini tapan gənclik problemi xüsusilə səciyyəvidir.
Özünün xoşbəxt gələcəklə bağlı bəşəri arzularının həyata keçirilməsində gəncliyin mühüm rolunu dərindən dərk edən humanist şair yaradıcılığının bütün mərhələlərində xalqın varlığının, qazanılan maddi və mənəvi dəyərlərin qoruyucusu kimi yüksək qiymətləndirdiyi gəncliyin tərbiyəsi məsələsinə böyük qayğı ilə yanaşmış, istər lirik əsərləri, istərsə “Xəmsə”yə daxil poemalarında bu mövzu ilə bağlı bu gün də əhəmiyyətini itirməyən ibrətamiz mülahizələr söyləmişdir.Nağıl və dastanlarda olduğu kimi Nizami əsərlərində də övlad probleminə geniş yer verilir. Nizami övladı ata-ananın sevinci, valideyn ömrünün mənası kimi dəyərləndirməklə yanaşı, həm də insanlığın keçdiyi enişli-yoxuşlu yolların davamçısı kimi səciyyələndirir. Şairin fikrincə, adının əbədi qalmasını, əməllərinin itməməsini arzulayan hər kəs övladına xüsusi qayğı göstərməli, onun cəmiyyətin layiqli üzvü kimi yetişməsində məsuliyyət daşımalıdır. Övlad tərbiyəsinə ictimai vəzifə kimi yanaşan Nizami poemalarında ilk növbədə valideynə üz tutur, ata-ana sevgisinin övladın taleyindəki həlledici təsirini təbiətdən aldığı tutarlı nümunələrlə təsdiqə çalışırdı.
“Xosrov və Şirin” əsərində oğlu Şiruyənin ətrafdakılarla bəd rəftarından şikayətlənən Xosrov şaha Büzürgümid öz nəsihətində belə deyir: