UŞAQLAR ÜÇÜN
HEKAYƏLƏR
XOŞBƏXT ADAMIN KÖYNƏYİ
Uzaq ölkələrin birində yaşayan bir padşah var imiş. Bu padşah gecə-gündüz dövlət işlərini fikirləşdiyindən rahatlıq, dincəlmək nə-dir bilməzmiş. Nə gündüz istirahəti varmış, nə də gecə…
Axşam olub yatağına girəndə də, gah o yana dönər, gah bu yana dönər, səhəri diri gözlü açarmış. Belə yaşamaq onu axır bir gün cana doydurur. Vəzir-vəkili başına toplayıb ürəyinin sıxıntısını onlara danışır. Sonra da soruşur ki, bəs indi necə eləsin, nə eləsin…
Vəzirlərin içərisində ən yaşlı və təcrübəli olan biri vardı. Elə o, divandan dikəlib saqqalını tumarladı və üzünü padşaha çevirdi:
– Qibleyi aləm sağ olsun! Hər dərdin bir dərmanı var. Pad-şahımız gecələr səhərəcən rahat yuxuya getsin deyə biz də bir şey fikirləşəcəyik. Mən bunun indilik bir çarəsini bilirəm. Əgər xoşbəxt bir adam tapıb onun əynindəki köynəyi padşahımıza geyindirsək, onda siz artıq rahatlıq içində şirin-şirin yata bilərsiniz, – dedi.
Padşah vəzirin dediyi sözlərə haqq verir. Adamlarını çağırtdırıb onlara tapşırır ki, ölkədə yaşayan ən bəxtiyar adamı tapsınlar və köynəyini də alıb gətirsinlər.
Adamlar yola düşürlər, dağlardan aşır, təpələrdən keçirlər. Varlı bir şəhərə gəlib çıxırlar. Qapı-qapı gəzib dolaşırlar, bu şəhərdə bir xoşbəxt adam axtarırlar. Ancaq kimi tapırlarsa sonradan bəlli olur ki, hamısının bir sıxıntısı var. Ona görə də rastlarına çıxan bu adamların heç birinə xoşbəxt demək olmaz.
Padşahın adamları fikirləşir ki, yox, deyəsən, bu boyda şəhərdə bir dənə də olsun bəxtəvər adam tapa bilməyəcəyik. Bəlkə, kənd yer-lərinə gedək.
Orda hər halda xoşbəxt insanlar şəhərdəkilərdən daha çox olar.Bunu deyib yola rəvan olurlar, qarlı dağlar aşaraq gəlib yaşıllıq-lar içində itən kəndlərdən birinə çatırlar. Kəndi qapı-qapı, ev-ev gəzib dolaşırlar. Ordan da başqa kəndlərə gedirlər. Yoxsul varlı – kimə rast gəlsələr hamısından soruşurlar ki, ən xoşbəxt adam kimdir, hardadır, onu axtarırlar. Ancaq kimə rast olurlarsa hamısının da bir qayğısı, ürəyində özünə görə bir dərdi varmış. Vəzirlər də bundan yaman dilxor olurlar.
Başlarını sallayıb padşahın yanına qayıtmaq qərarına gəlirlər. Bir çayın qırağından keçərkən göy çəmənlikdə otardığı sürüsünün ya-nındaca yerə uzanmış bir çobanla qarşılaşırlar. Çobanın arvadı da elə bu vaxt qucağında körpəsi, əlində də yeyəcək dolu torba ilə gəlib çıxır. Çoban yeməyi böyük iştahla yeyir, sonra isə şirin-şirin arva-dıyla danışır, sevimli balasıyla oynamağa başlayır.
Padşahın adamları heyrət içində qalırlar, çobana yaxınlaşıb on-dan bir dərdi-sıxıntısı olub-olmadığını soruşurlar. Çoban gülümsə-yərək:
– Mənim əzizlərim… Dünya malından heç nəyim yoxdu, amma
yenə də mən xoşbəxtəm, – deyir.
Vəzir-vəkil çobanın bu sözlərindən çox sevinirlər. Sonra da pad-şahın əmrini ona çatdırıb deyirlər ki, əgər geydiyi köynəyi versə, ona bir kisə dolusu qızıl verəcəklər.
Çoban dərdli-dərdli:
– Əzizlərim, sizin arzunuza elə deyən kimi əməl eləməyə hazır
olardım. Mən bir insanın ola biləcəyi qədər xoşbəxtəm. Ancaq inanın ki, sizə verməyə köynəyim yoxdur… Mən köynək geyinmirəm…