Artur Konan Doyl
İtmiş dünya
I FƏSİL
HƏR ŞEY İNSANIN ÖZÜNDƏN ASILIDIR
Nəhayət, arzuma çatdım, Qladislə otaqda tək qaldım. Yaman həyəcan keçirirdim, çünki bir azdan taleyim həll olunacaqdı.
Qladis qırmızı pərdənin qarşısında oturub başını dik tutmuşdu. İlahi, necə də qəşəng idi! Qəşəng olsa da, buz kimi soyuq idi. Qəlbinə yaxın düşmək olmurdu. Bəli, biz dost idik, əsl dost. Başqa sözlə, artıq hərəkətə yol vermirdim, özümü mərifətli aparırdım. Doğrusu, qadınların açıq-saçıq hərəkətindən, söz-söhbətindən acığım gəlir. Məhəbbətin nişanəsi başqadır. Gözlərdəki ifadə, səsin ahəngi sərt olmamalıdır. O adam ki həyəcandan əsmir, səsi titrəmir və gözləri narahatlıq ifadə etmir, demək, sevmir.
Şəhərimizin qadınları Qladisə həsəd aparırdı. Lakin arada şayiə də gəzirdi ki, guya o, xudbin və ərköyün qızdır. Təbii ki, bu, paxıl adamların dedi-qodusudur. Onlar yaxşı adamlara böhtan atmaqla ürəklərini soyutmaq istəyirlər. Qladisin qızılgül ləçəyinə bənzər zərif, incə dərisi Şərq qadınlarında olduğu kimi mis rəngə çalırdı, saçları qapqara, gözləri iri və parlaq idi, qönçə dodaqları isə qəlbində atəşli bir ehtirasın yatdığını göstərirdi. Təəssüf ki, bu alovlu ehtirasın bağlı qapısına hələlik açar tapa bilməmişəm. Gözlədiyim məqam gəlib çatmışdı, neçə vaxtdan bəri məni narahat edən suala qəti cavab almalıydım. Əlbəttə, bu cavab “yox” da ola bilər, amma qardaş rolunu qəbul edib sakit yaşamaqdansa, nakam məhəbbətin odlu nəfəsində qovrulub-yanmaq daha yaxşıdır.
Araya çökmüş cansıxıcı sükutu pozmaq istəyəndə gözlərini məndən çəkməyən Qladis cəld məni qabaqlayıb məzəmmətlə dilləndi:
– Hər şey mənə aydındır, Hed.
Ancaq gəl bu barədə danışmayaq, kefimizi pozmayaq.Stulumu ona yaxınlaşdırdım.
– Qadınları belə şeylərlə təəccübləndirmək qeyri-mümkündür, onlar bunu qabaqcadan bilirlər. Ancaq, Hed, bizim dostluğumuz çox nümunəvi, həqiqi dostluq olub, odur ki gəl onu pozmayaq, qoruyub saxlayaq. Məgər oğlanla qızın bu cür sakit oturub dostcasına söhbət etməsi pisdir?
– Bəlkə də, yaxşıdır, Qladis, bilmirəm, ancaq mən dəmiryol vağzalının müdiri ilə də bu cür oturub dostcasına söhbət edə bilərəm.
Bu dövlət işçisi haradan ağlıma gəldi, bilmirəm, amma hər ikimizin kefini açdı, bizi güldürdü. Nəhayət, sözümə davam etdim:
– Yaranmış vəziyyət məni qane etmir. Səni qucaqlamaq istəyirəm, saçlarını tumarlamaq və… ah… Qladis, istəyirəm ki…
O, təkcə sözlərlə kifayətlənməyib əməli fəaliyyətə keçdiyimi görcək ayağa durdu.
– Hər şeyi korladın, Hed, – dedi. – Münasibətlərimiz indiyə qədər yaxşıydı, indisə pozuldu. Təəssüflər olsun. Hərəkətlərinə nəzarət edə bilmirsən?
– Bu, təbiətin hökmüdür, – deyə özümə bəraət qazandırmağa çalışdım. – Nə məndən asılıdır, nə də səndən. Bu, məhəbbətdir.
– Məhəbbət qarşılıqlı olmalıdır, məndə isə belə bir hiss yoxdur.
– Sən məhəbbət üçün yaranıbsan, Qladis! Sən sevməlisən! Sənin kimi qəşəng qız məhəbbətə biganə qalmamalıdır, hökmən sevməlidir.
– Hər şeyin öz vaxtı var.
– Sən məni niyə sevmirsən, Qladis? Düzünü de, yoxsa qəşəng olmadığıma görə?
O yumşaldı, zərif barmaqları ilə saçımı darayıb başımı geri itələdi. Sonra üzümə baxıb təbəssümlə dedi: