A. Sent-Ekzüperi
Balaca Şahzadə
I
Altı yaşım olanda balta dəyməmiş meşədən danışan “Gerçək əhvalatlar” adlı bir kitabda əcaib şəkil gördüm. Bu şəkildə nəhəng bir əfi ilan yırtıcı heyvanı udurdu. Şəkil belə çəkilmişdi:
Kitabda yazılmışdı: “Əfi ovunu çeynəmədən, bütöv udur. Bundan sonra tərpənə bilmir, altı ay ‒ yediyi həzm olana qədər yatır”.
Mən macəra dolu cəngəllik həyatı barədə uzunuzadı düşünüb rəngli karandaşla özümün ilk şəklimi çəkdim. Bu mənim 1 nömrəli şəklim idi. Mən belə bir şey çəkmişdim:
Mən əsərimi böyüklərə göstərib vahiməli olub- olmadığını soruşdum.
‒ Şlyapa niyə vahiməli olur? ‒ deyə etiraz etdilər.
Lakin bu, şlyapa deyildi, fil udmuş əfi ilan idi. Onda mən yaşlılara aydın olsun deyə əfinin iç tərəfini də çəkdim. Axı böyüklərə gərək həmişə hər şeyi izah eləyəsən. Bu da mənim 2 nömrəli şəklim.
Yaşlılar mənə məsləhət gördülər ki, daha ilanı nə içindən, nə də çölündən çəkim. Bunun əvəzinə coğrafiya, tarix, hesab və yazı qaydaları ilə maraqlanım. Bax beləcə, hələ altı yaşımda ikən mən gözəl rəssamlıq sənətindən əl çəkdim. 1 və 2 nömrəli şəkillərlə uğursuzluğa düçar olub özümə inamı itirdim. Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
Beləliklə, mən başqa peşə seçməli oldum, təyyarəçilik öyrəndim. Az qala bütün dünyanı dolanmışam. Coğrafiya, doğrudan da, mənim çox karıma gəldi. Mən Çini Arizonаdan bir baxışla ayırırdım. Gecə yolu azanda coğrafiyanı bilməyin xeyri çoxdur.
Mən öz həyatımda hər cür ciddi adamları çox görmüşəm. Yaşlılar arasında uzun müddət yaşamışam. Onları lap yaxından görmüşəm. Düzünü desəm, elə buna görə də onlar haqda yaxşı fikirdə deyiləm.
Mən başqalarına nisbətən ağıllı, qanacaqlı görünən bir yaşlıya rast gələndə 1 nömrəli şəklimi ‒ mən onu saxlamışdım, həmişə yanımda gəzdirirdim ‒ göstərirdim. Mən bu adamın həqiqətən bir şey anlayıb-anlamadığını bilmək istəyirdim. Amma hamısı belə cavab verirdi: “Bu, şlyapadır”. Mən də daha onlarla nə əfilər, nə cəngəlliklər, nə də ulduzlar haqqında danışırdım. Mən onların anlayışlarına alışmışdım. Mən onlarla bric və qolf oyunlarından söz açır, siyasət haqqında, qalstuklar barəsində söhbət eləyirdim. Belə ağıllı bir adamla tanış olduqları üçün yaşlılar da çox məmnun qalırdılar.
II
Mən tənha yaşayırdım, ürək açmalı bir adam yox idi. Altı il bundan qabaq çarəsiz qalıb Böyük səhraya enməyə məcbur oldum. Təyyarəmin motorunda nə isə sınmışdı. Yanımda nə mexanik, nə sərnişin var idi. Qərara aldım ki, çox çətin olsa da, təyyarəni özüm təmir eləyim. Mən ya motoru düzəltməli, ya da məhv olmalı idim. Su ehtiyatım bir həftəyə çətin çataydı.