Читать онлайн «Balaca lord»

Автор Бёрнетт Фрэнсис Элиза Ходжсон

Фрэнсис Элиза Бёрнетт

Balaca lord

© ALTUN KİTAB MMC – 2020

1

Sedrik atası haqqında heç nə bilmirdi. Onun yanında bu barədə danışmamışdılar. Sedrik bircə onu bilirdi ki, atası ingilis olub. Bunu ona anası demişdi.

Lap balaca olarkən vəfat etdiyindən Sedrik atası ilə bağlı, demək olar, heç nəyi xatırlamırdı. Təkcə o yadında idi ki, hündürboy adam idi, mavi gözləri, uzun bığları vardı. Hə, bir də, Sedriki çiyninə alıb otaqda gəzdirməkdən xoşu gələrdi.

Atasının ölümündən sonra Sedrik anladı ki, yaxşısı budur, anasından bu barədə heç nə soruşmasın. Hələ atası xəstələnərkən onu dostlarının evinə göndərmişdilər ki, bir müddət orada qalsın. Uşaq qayıdıb gələndə isə artıq hər şey bitmişdi; atası vəfat etmiş, üstəlik, anası xəstələnib yatağa düşmüşdü. İndi yenicə ayağa qalxmağa başlamışdı, pəncərənin qarşısındakı kresloda oturmuşdu. Üzünün rəngi qaçmış, arıqlamış, gözləri də sanki böyümüşdü. Baxışlarından kədər yağırdı. Əynində qara libas vardı.

– Əzizim, – Sedrik dedi (atası həmişə anasını belə çağırardı, oğlan da bu sözü ondan götürmüşdü), – atam sağaldı?

Anasının çiyinləri titrəməyə başladı. Üzündə elə ifadə var idi ki, Sedrik onun bu dəqiqə hönkürüb-ağlayacağını başa düşdü.

– Əzizim, – o bir də təkrarladı, – atam yaxşıdır?

Birdən hiss elədi ki, elə indicə onu möhkəm qucaqlayıb öpməli, yumşaq yanağını üzünə söykəməlidir. Belə də elədi. Anası başını onun çiyninə qoyub ucadan hönkürməyə başladı. Oğlanın əllərindən elə möhkəm yapışmışdı, sanki bir daha buraxmayacaqdı.

– Hə, oğlum, yaxşıdır, – qadın hıçqıra-hıçqıra dedi.  – O, çox yaxşıdır! Bizimsə artıq bu dünyada bir-birimizdən başqa heç kimimiz qalmadı!

Bu sözlərdən sonra Sedrik nə qədər balaca olsa da, başa düşdü ki, o, ucaboy, cavan, yaraşıqlı adamı bir də heç vaxt görməyəcək; çünki atası ölüb. Hərçənd oğlan ölümün nə olduğunu tam dərk eləmirdi.

Anasının niyə bu qədər kədərləndiyini da başa düşmürdü. Ancaq hər dəfə atasından söz düşəndə anası göz yaşlarını saxlaya bilmirdi. Ona görə də Sedrik qərara aldı ki, onunla bir daha bu barədə danışmasın.

Onların, demək olar, qohum-əqrəbaları yox idi, hamıdan ayrı yaşayırdılar. Sedrik həddi-büluğa çatana kimi bunun səbəbini öyrənə bilmədi. Məsələ burasında idi ki, Sedrikin anası yetim olub, atası onunla evlənəndə heç kimi yox imiş. O, varlı və yaşlı bir qadına baxırmış. Elə həmin qadının da evində yaşayırmış. Bir gün evə qonaq gələn kapitan Sedrik Errol (oğlana atasının adını vermişdilər) yaşlı qadının qızla necə pis rəftar elədiyini görür. Qız o qədər gözəl, zərif və kədərli imiş ki, kapitan onu unuda bilmir və çox keçmədən onlar evlənirlər. Ancaq bəzi adamlar belə bir izdivacdan narazı qalırlar. Bu xəbəri eşidən kapitanın yaşlı atası isə bərk qəzəblənir. O, İngiltərədə yaşayırdı, varlı-hallı zadəgan idi. Amerikaya da, amerikalılara da nifrət bəsləyirdi. Onun üç oğlu var idi. Qanunlara görə, ailənin sahib olduğu zadəgan titulu və mirasdan ən böyük pay böyük oğlana çatmalı idi. O, dünyadan köçəndə isə bütün bunlar sıra ilə ortancıl və kiçik qardaşına keçməli idi. Beləliklə, evin sonbeşiyi olan Sedrik mirasdan pay almaq üçün illərlə gözləməli idi. Lakin varlı ailədən çıxsa belə, onun mal-dövlətdə gözü yoxdu. Onsuz da təbiət Sedrikdən heç nəyi əsirgəməmişdi: boy-buxunlu, yaraşıqlı, ağıllı, cəsur, xeyirxah, ürəyigeniş adam idi. Ətrafındakı hər kəs onu çox sevirdi.