Arif Əliyev
Sənət əbədidir, ömür amanat
© «ALTUN KİTAB» MMC – 2019
Avansəhnə
– Mənim vicdanım da, qəlbim də qandır!
Dünya qan üstündə bir xanimandır!. .
Vəzir yaltaqcasına şaha baş əydi, onun şəninə tərif demək üçün sifətinə şirinlik verib əllərini göyə qaldırdı.
Rejissorun yuxusuzluqdan şişmiş göz qapaqları aralandı.
Vəzir bunu sezdi, qolları yanına düşdü, amma üzünün ifadəsi dəyişmədi.
Dram teatrının aktyorları gənc və hökmlü baş rejissorun qəribə vərdişlərinə alışmışdılar. Bilirdilər ki, çox vaxt o, məşqlərə gözüyumulu «baxır». Gözlərini yalnız nədənsə narazı qalanda, ya ağlına təzə fikir gələndə açır. Bəzən də heç açmadan göstərişini verir. İndiki şəraitdə isə nəinki yeni ideya üzərində işləmək, hətta tamaşaya hər hansı ciddi dəyişiklik etmək artıq gec idi. Premyera oktyabr ayının 5-nə – teatr sezonunun açılışına, qapalı “ictimai” baxış isə sabaha, sentyabrın 28-nə təyin edilmişdi. Başda Mircəfər Bağırov olmaqla Mərkəzi Komitənin büro üzvlərinin, xalq komissarlarından bir neçəsinin baxışa gələcəyi gözlənilirdi. Bunu anlayan aktyorlar arxayın idilər ki, bu dəfə rejissoru gözlərini açmağa məcbur edən nəsə, xırda məsələdir. Amma səbirlə onun replikasını gözləyirdilər.
Sükutun uzandığını görən Qacar rolunun ifaçısı özündən şübhələndi: elə bildi, rejissoru məhz onun son sözləri “oyadıb”.
– Bir az da kinli deməliydim? – o, tərəddüd içində soruşdu.
– Davam elə, qadam, – Ədil İskəndərov yorğun-yorğun əlini yellədi.
Sidqi Ruhulla rejissorun nə istədiyini dəqiq başa düşməsə də (yəni əvvəlki kimi davam etməlidi, yoxsa indi dediyi kimi?), səsini zilə qaldırdı, qəzəbini artırdı:
– Mənim vicdanım da, qəlbim də qandır!
Dünya qan üstündə bir xanimandır!. .
Məşq məcrasına qayıtdı. Amma Ədil İskəndərov gözlərini təzədən yummağa ürək eləmədi. Qorxdu ki, kirpikləri qovuşan kimi yenə qaranlıqdan Bağırovun sifəti çıxacaq, kinli baxışlarını ona zilləyəcək, nə işləməyə, nə fikrini cəmləməyə qoyacaq. Necə ki bütün gecəni yatmağa qoymamışdı. «Qan-qan» deyən Qacarın hayqırtısı rejissoru həyəcanlandırmışdı, məşq başlayan andan unutduğu hissləri yerindən oynatmışdı. Tamaşada hadisələr 1797-ci ildə baş verirdi, səhnədə şairlə hökmdar deyişirdi. Ədil İskəndərova isə elə gəlirdi ki, orada da 1938-ci ilin sentyabr ayının 27-dir və bu, Molla Pənah Vaqiflə Ağa Məhəmməd şah Qacarın yox, onunla Mircəfər Bağırovun dialoqudur, dialoqun sonunda rejissorun taleyi şairin taleyindən də faciəvi olacaqdır.
“Ümumiyyətlə, zaman nədir? Onu bunca şərtiləşdirmək olarmı? Bəs məkan? Və onlar bir-birindən ayrı mövcud ola bilərlərmi? – Ədil İskəndərov ürəyində öz-özüylə danışırdı. – Teatrda hər şey mümkündür, hətta bundan artığı da!!! Adi həyatda zaman – uzunluğu saniyələrlə, dəqiqələrlə, saatlarla, günlərlə ölçülən, həmişə eyni istiqamətdə: keçmişdən indiyə, indidən gələcəyə axan bir çaydır. Sən onun qabağından qaça bilməzsən, sularına qatıb aparacaq. Teatrda isə istəsən, çayın lap mənbəyinədək suyun əksinə üzə, hətta sahilə çıxıb, burada bir kötüyün üstündə oturub minilliklərlə gur axına baxa bilərsən. Saniyəni bir qərinə qədər uzatmağa, yaxud tərsinə, əsri dəqiqəyə sığışdırmağa qadirsən. Şərtilik! Teatrın əsas qanunu budur! Bəs məkan nədir? Materiyanın varlığının həcm və ölçülərə malik forması? Obyektiv reallıq? Yanılırsınız, möhtərəm filosoflar! Kim deyir ki, məkanın sərhədləri, həcmi var? Məkan da şərtidir! Divardan bircə lövhə asmaqla mən bu səhnəni Sibir çölləri qədər genişləndirə, yaxud balacalaşdırıb dar qəbrin içinə soxa bilərəm! Bunların hamısını edən rejissordur! Ey, Qacar, sənmisən “Mən də yer üzünün bir Allahıyam!” deyə sinənə döyən? Necəsən, gözlərinə bir eynək taxmaqla, başına dimdikli kepka keçirməklə səni keçmişindən dartıb bu günə gətirim, sarayından çıxarıb zindana saldırım?! Özüm də şairlə gəlib yanında oturum?! Qorxma, eləmərəm. Çünki mən sənətkaram, nə inqilabçı, nə əks-inqilabçı deyiləm. Düzünü bilmək istəyirsənsə, bəlkə, səndən çox qorxuram. Sənə nə var, onsuz da bəşəriyyətə, həyata nifrət edən qocasan. Əlində də qılıncın var. Mənsə bəşəriyyəti sevən, yaşamaq-yaratmaq istəyən bir gəncəm, əlimdə istedadımdan savayı silahım, gözəlliyə xidmət etməkdən başqa niyyətim yoxdur…”