Читать онлайн «Pinokiyo»

Автор Карло Коллоди

Karlo Kollodi

Pinokkio

© ALTUN KİTAB MMC – 2020

1

Biri vardı, biri yoxdu, bir…

Mənim balaca oxucularım dərhal çığıracaqlar: «kral vardı…»

Yox, uşaqlar, tapmadınız. Bir ağac parçası vardı. Günlərin bir günü həmin ağac parçası qoca dülgərin emalatxanasında peyda oldu. Qocanın adı usta Antonio idi, lakin hamı onu «usta Albalı» adlandırırdı. Səbəbi də o idi ki, Antonionun burnunun ucu yetişmiş albalıya oxşayırdı – həmişə par-par parıldayır və qırmızımtıl olurdu.

Usta Albalı ağac parçasının emalatxanaya necə gəlib düşdüyündən xəbərsizdi. Lakin bu haqda çox düşünmədi, eləcə onu görüb sevinclə əlini əlinə vurub dedi:

– Bu ağac parçası lap yerinə düşdü. Ondan masaya ayaq düzəldərəm.

O, iti bir balta ilə ağac parçasının qabığını soymaq istəyirdi ki, əli havadaca asılıb qaldı. Ağac parçasından eşitdiyi yalvarış dolu səs usta Albalını əməllicə heyrətləndirdi.

– Məni vurmayın!

Təəccübdən gözləri böyümüş usta Albalı səsin ağac parçasından gəldiyinə inanmaq istəmədi. Odur ki maraqla ətrafa boylandı. İçəridə özündən başqa heç kəs yox idi. Qoca dülgər iş stolunun altına, artıq-urtuq taxta parçalarını saxladığı səbətə baxdı, həmişə bağlı saxladığı şkafı açdı, axırda pəncərələri aralayıb küçəyə boylandı, lakin yenə də heç kəsi görə bilmədi…

Axırda gülüb dedi:

– Bildim. Heç bir səs-filan eşitməmişəm. Mənə elə gəlib. Yaxşısı budur, işimə davam eləyim!

O, yenidən baltanı götürdü və ağac parçasına möhkəm bir zərbə ilişdirdi.

Tanış səs bu dəfə qışqırdı:

– Oy, sən məni çox incidirsən.

Usta Albalının bu dəfə heyrətdən ağzı açıla qaldı. Birtəhər özünü ələ alıb öz-özünə dedi:

– Yaxşı, bəs bu çığıran kim idi? Axı içəridə heç kəs yoxdur. Harada görünüb ki, ağac parçası uşaq kimi inildəyib ağlasın.

Yox, yox, qulağıma səs gəlib, vəssalam! Bu da başqa odunlar kimi adi ağac parçasıdır, onu ocağa atıb üstündə şorba da bişirmək olar. Bəlkə… kimsə odunun içinə girib, hə?. . Belədirsə, özündən küssün. İndi ona göstərərəm!

Dülgər odunu iki əliylə tutub emalatxananın divarına çırpmağa başladı.

Sonra qulaqlarını şəklədi görsün, yenə bir səs eşidəcəkmi. İki dəqiqə gözlədi, səs gəlmədi, beş dəqiqə gözlədi, səs gəlmədi, on dəqiqə gözlədi, yenə səs gəlmədi. Usta Albalı fikirləşdi ki, oyan-buyanı yoxdur, qulağı səsə düşüb, qurtardı getdi! Ona görə də bu dəfə rəndəni əlinə alıb ağac parçasını yonmaq istəyirdi ki, bayaqkı səs indi də gülə-gülə söylədi:

– Yalvarıram, eləmə! Qıdığım gəlir!

Bu dəfə usta Albalını sanki ildırım vurdu: o, huşunu itirib yerə yıxıldı. Özünə gələndə gördü ki, döşəmənin üzərindəcə sərili qalıb.

Qorxudan dülgərin hətta burnunun ucu göyərmişdi.

Elə bu zaman qapı döyüldü.

Dülgər ayağa qalxa bilmədiyi üçün yerindəcə güclə cavab verdi:

– Gəlin.

İçəri Ceppeto adlı yaşlı bir adam girdi. Onun yaşı çox olsa da, xeyli gümrah görünürdü. Ceppeto da vaxtilə dülgərliklə məşğul olmuşdu. Lakin çox qocalmışdı deyə bu işdən əl çəkmişdi. Qonşu uşaqları Ceppetonu cırnatmaq üçün onu «Qarğıdalı kökəsi» çağırırdılar. Çünki yaşlı kişinin başındakı sarı parik eynilə qarğıdalı kökəsini xatırladırdı. Ceppeto hər dəfə bu ləqəbi eşidəndə özündən yaman çıxırdı.