Читать онлайн «Yalama»

Автор Ариф Алиев

Arif Əliyev

Yalama

© «Altun kitab» MMC – 2017

Müəllifdən

«Yalamanın müdafiəçiləri… başa düşürlər ki, rusların qarşısını kəsməyə cəhd göstərsələr, bu onların əksəriyyəti üçün son döyüş olacaq. Ancaq Vətən təəssübü, əsgər şərəfi həyat eşqinə üstün gəlir».

(«Ayna. az», noyabr, 2016)

Əsgərlər vurulanda yox, unudulanda ölürlər.

Yalama stansiyasında XI Qırmızı Ordunun zirehli qatarlarının yolunu kəsmiş, son nəfəsinədək döyüş mövqeyindən çəkilməmiş qəhrəman əsgərlərimiz haqqında az adamın məlumatı var. Amma «onlar unudulublar» demək düzgün olmazdı. Unutmaq üçün – tanımaq lazımdır. Bizsə onları tanımamışıq. Əksəriyyətinin adını belə bilmirik və bəlkə, heç zaman bilməyəcəyik. Bu adların sahiblərinin, çoxu 19-20 yaşında olan gənclərimizin ləyaqətsiz həyatla şərəfli ölüm arasında etdikləri şüurlu seçim barədə həqiqət bir əsr bizdən gizlədilib.

Sovet Rusiyasının məqsədi sadə və aydın olub: şimal qonşumuz Azərbaycana yeritdiyi ordunun «işğalçı» adlandırılmasını istəməyib, həmişə, hər yerdə onu «xilaskar» kimi qələmə verib. Buna görə də tarixi saxtalaşdırıb; inadla, bütün mümkün vasitələrlə hamıya təlqin etməyə çalışıb ki, Qırmızı Ordu ölkəmizə soxulmayıb, dəvətlə gəlib, Samurdan Bakıya qədər müqavimət görmədən irəliləyib, yolboyu Azərbaycan əsgərlərini əsir götürə-götürə, stansiyalarda mitinq keçirə-keçirə Bakıya daxil olub və paytaxtda gül-çiçəklə qarşılanıb. Bu əfsanənin yaradılmasında iştirak edən və onu yaşadan soydaşlarımızın isə bəzisinin öz əli həmin gənclərin qanına bulaşıb, bəzisi rahatlığını qorumaq naminə, bəzisi qorxduğu üçün susub, lakin əksəriyyət, gerçəkdən, xəbərsiz olub, sovet təbliğatına inanıb. Həqiqəti bilənlər və söyləmək istəyənlər də tapılıb, amma onlardan kimisinin özü, kimisinin səsi «quyunun dibinə» düşüb.

«Təbliğat» sözünü sevməsək də, onun kütləvi şüura təsir gücünü inkar edə bilmərik.

1990-cı ilin qışında Moskvanın planları alınsaydı, onilliklərlə yorulmadan təbliğat aparmaqla gələcək nəsilləri də inandırmaq mümkün idi ki, 20 yanvarda rus tankları Bakıya xalqımızın xilaskarı kimi daxil olub və millət bu tankları gül-çiçəklə qarşılayıb. «Mümkünsüzdü» deməyin. Tarixin gülməyi gələr. Ən yaxın keçmişimizi, Yanvar qırğınından cəmi 21 ay sonra Azərbaycanın müstəqilliyi əleyhinə səs verən deputatlarımızı yada salın.

Belə bir haqsızlıq sizi ağrıdardımı? Əlbəttə. Çoxlarınız o tankların qabağında «canlı barrikadalar» da dayanmısınız. İndi təsəvvür edin, Azərbaycanın müstəqilliyinin ömrünü cəmi bir neçə saat uzatmaq üçün həyatlarını vermiş, nəinki məzarları qalmamış, heç həlak olduqları yerdə xatirə lövhəsi də qoyulmamış gənclərimizin ruhları necə göynəyir! Ədaləti bərpa etmək, vicdanımızı böyük bir ləkədən təmizləmək şansını niyə əldən verməliyik?!

Mən bu povestdə «ittiham tərəfi» nin şahidi kimi çıxış etmirəm. Azərbaycan – Qarabağ, Yalama, Bakı müdafiəçiləri, Gəncə, Şəki, Quba üsyançıları kimi mərd oğullar doğub. Eyni zamanda yüzlərlə qorxaq, yaltaq, siyasətbaz və satqın yetişdirib. Biz birincilərlə həmrəyliyimizi nümayiş etdirməklə yanaşı, ikincilərlə də qohumluq əlaqələrimizi inkar edə bilmərik. «Yaxşısı mənimdir, pisi özgənin» formulu burada işə keçmir. Biz mərdlərimiz və qorxaqlarımızla, qəhrəmanlarımız və satqınlarımızla eyni xalqın nümayəndələriyik, istəsək də, istəməsək də, bir Vətəni bölüşür, onun taleyini həll edirik. Və əgər zaman-zaman məmləkətimizdə ikincilər birincilərə üstün gəliblərsə, gəlirlərsə, məğlubiyyətlərimizin məsuliyyətini başqa tərəfin üstünə atmaqla heç nəyi dəyişmirik, çünki xalq olaraq bu məğlubiyyətlərin acısını hamımız çəkirik, tənəsinə hamımız dözürük.