Читать онлайн «Kraliçanın boyunbağısı»

Автор Александр Дюма

Aleksandr Düma

Kraliçanın boyunbağısı

© ALTUN KİTAB MMC – 2022

I HİSSƏ

İki naməlum qadın

1784-cü ilin şaxtalı qışı Fransanın bir hissəsini öz cənginə almışdı. Təkcə elə Parisdə üç yüz min zavallı soyuqdan və aclıqdan əziyyət çəkirdi.

Ancaq hava düzəlmək bilmirdi. Tezliklə qar yığınları yolları, keçidləri bağladı. Paris qara təslim olub qışla mübarizəni dayandırdı…

Sent-Krua-d’Anten kilsəsində saat beşi vurdu və Parisə qaranlıq çökməyə başladı. Bu vaxt kirşə şəhərin qədim Sen-Deni darvazasının yaxınlığında idi. Yaylığı dodağına sıxan qadın barmağını faytonçunun çiyninə toxundurdu.

Kirşə dayandı.

– Veber! – qadın dilləndi.  – Kabrioleti siz tanıdığınız yerə gətirərsiniz. Küçələrin halını görürsünüz. Hər yan palçıqdır. Kirşə ilə qayıtmaq çətin olar.

Bundan sonra qadın kirşədən hoppandı və rəfiqəsinin əlindən tutub uzaqlaşdı…

Malikanə

Bulvarın tinində öz əzəməti ilə seçilən binada bir vaxtlar görkəmli fizik Cüzeppe Balzamo yaşamışdı. Binanın bir hissəsindəki yanğından sonra Balzamo yoxa çıxmış, malikanədə isə təmir işləri aparılmamışdı.

İndi gəlin, kiçik bağa bitişik olan, hasara alınmış hündür binanın qapısını döyək. Divara söykənmiş pilləkən sonuncu – altıncı mərtəbəyə qalxır.

Qapı açıqdır. Boş, qaranlıq otağa daxil oluruq.

Pəncərənin pərdəsi salınıb. Bu otaq dəhliz rolunu oynayır, oradan ikinci otağa qapı açılır. Döşəməyə parket əvəzinə taxta vurulub. Üç kresloya sarı məxmərdən üz çəkilib. Köhnə taxtın yastıqları qırışıb. Oturan olanda kreslolar etiraz eləyirlərmiş kimi cırıldayır.

Divardan isə iki portret asılıb. Birinci portret Fransa və Polşa kralı III Henrixi xatırladır. Hə, özüdür ki var: portretin qızıl suyuna çəkilmiş çərçivəsinə qara hərflərlə yazılıb: Henrix de Valua. Digər portretdə isə qaragözlü, balaca burunlu gənc qadın təsvir olunub. Bu portretin altında qara hərflərlə yazılıb: Janna de Valua.

Portretlərin bu evdə nə işi var? Suala cavab tapmaq üçün palıd ağacından düzəldilmiş stola tərəf baxsanız kifayətdir: orada sadə geyimli bir qadın dayanıb və köhnə məktublara baxır. Həmin qadın Janna de Lamott de Valuanın özüdür. Ondan üç addım aralıda isə altmış yaşlarında Klotilda adlı qulluqçu qarı durub.

Birdən qadın əlini saxladı və qulluqçu qarıya dedi:

– Zəng çalınır!

Qarı dəhlizə yüyürdü, onun xanımı isə kədərli görkəm alıb taxtda oturdu. Çox keçmədi ki, dəhlizdən səs eşidildi. Kimsə nəzakətlə soruşdu: