Читать онлайн «Xatirat»

Автор Axundzadə Hacı Səlim

Hacı Səlim Axundzadə

XATİRAT

Azərbaycan torpağına türbət

Demişəm

“Xatirə Ədəbiyyatı” silsiləsindən 53-cü kitab

Azərbaycan torpağına türbət demişəm,

Şoran sularına şərbət demişəm,

İlqarından dönənə lənət demişəm,

Mən ilqarımdan dönən deyiləm.

ÖN SÖZ

Hər hansı bir xalqın tarix boyu ayaqda durub, müxtəlif təzyiq və təcavüzlərə sinə gərən, mövcudluğunu mühafizə edərək gələcək inkişafını təmin edə bilib-bilməməsinin şərtlərindən biri həmin xalqın zəmanəyə uyğun, onun önündə gedərək, arxasınca apara bilən şəxsləri yetişdirə bilib-bilməməsindən asılıdır. Azərbaycan xalqı da istisna deyil. O, hər zaman çətin məqamlarda sıralarından öncül, xalqın birliyini təmin edərək mövcudluğunu mühafizə edən şəxslər yetirmişdir. Belə şəxslərin bir qismi xalq və dastan qəhrəmanlarına çevrilərək dillər əzbəri olmuş, digərləri rəsmi sənədlər və tarixi araşdırmalarda öz yerini tapmış və geniş təbliğ olunmuşlar. Bunlarla yanaşı, özünü xalqın yolunda fəda etmiş, şəxsi mənafeyi və güzəranını xalqın mənafeyi və gələcəyinə qurban vermiş, lakin xalqın hələ də tanımadığı və yaxud az tanıdığı Vətən övladları da az deyildir.

Oxuculara təqdim olunan Hacı Mirzə Səlim Axund Axundzadənin “Xatirat”ı müəllifin mühacirət həyatının sonlarında yazılmışdır. Mətndən göründüyü kimi, müəllif “Xatirat”ı yazmağa başlarkən bir çox məsələlərin işıqlandırılmasını qarşısına məqsəd kimi qoymuşdur. Lakin qəflətən vəfat etdiyindən istəyinə nail olmamış və yazısı natamam qalmışdır. Bununla belə, hətta bu vəziyyətdə də, “Xatirat” Azərbaycan tarixinin mühüm bir dövründə – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirən yollarda cərəyan edən hadisələrin bilavasitə iştirakçısı olmuş şəxsin yazdığı qiymətli materialları əks etdiyindən həmin dövrün tədqiqi üçün mühüm mənbədir.

“Xatirat”ın əlyazması Hacı Səlimin övladları tərəfindən mühafizə edilmişdir.

İlk dəfə “Xatirat”ın nəşri 1992-ci ildə baş tutmuşdur. O zaman müəllifin qardaşı oğlu İshaq Axundov əmisi oğlanlarından əlyazmanın surətini alıb kiril əlifbasına çevirərək “gələcəkdə lazım olar” fikri ilə, özünün yazıb nəşr etdirdiyi “Azərbaycan incisi” kitabına daxil etmişdir. Surəti keyfiyyətsiz olduğundan oxunuşu zamanı müəyyən təhriflərə yol verilmişdir. Üstəlik, nəşriyyatın redaktəsi zəif olduğundan həmin nəşrdə kifayət qədər xətalar yer alsa da, “Xatirat”ın ilk nəşri onun tanıdılmağında mühüm addım hesab olunmalıdır. İlk nəşrdən ötən zaman ərzində “Xatirat” mütəxəssislər tərəfindən tanınmış, onda olan məlumatlar tariximizin Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı yazılarda artıq öz əksini tapmışdır.

Hacı Mirzə Səlim Axund Axundzadənin “Xatirat”ının hal-hazırkı nəşri əlyazmanın bilavasitə özü ilə tutuşdurularaq redaktə olunmuş və müasir Azərbaycanda istifadə olunan latın qrafikası ilə nəşr edilmişdir.

Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və siyasi fəaliyyəti indiyədək ayrıca tədqiqat obyekti olmamışdır. Onun haqqında məlumatlar özünün yazdığı “Xatirat”dan, qohum və övladlarından, cüzi tarixi sənəd və tədqiqat əsərlərindən toplanmışdır. Bununla əlaqədar olaraq, onun həyat və siyasi fəaliyyətinin bəzi məqamları hələlik qaranlıq qalır.