İ S M A Y I L S A R Y A L
B A K I R Ü Z G A R I
(sənədli-roman)
“Xatirə Ədəbiyyatı” silsiləsindən 35-ci kitab
Mənə yaşamağa bir qürbət verin,
Ürəyimdə bir vətən qəribsəyib…
Vaqif Səmədoğlu
Mir İsmayıl Saryalın “Bakı rüzgarı” kitabı əlimə 2014-cü ildə düşdü. Daha doğrusu, bu kitabı mənə Nilgün Saryal verdi. Çox mehriban, istiqanlı, hədsiz Azərbaycana bağlı bir insan. Nilgün atamın dayısı Mir İsmayılın nəvəsidir. Azərbaycana olan bu sevginin babasından keçdiyini söyləyir.
İlk öncə “Bakı rüzgarı”nı həyat yoldaşım Vaqifə (Vaqif Səmədoğlu nəzərdə tutulur-red. ) göstərdim. Kitab türkcə idi. Vaqif kitabı tanışlıqçün əlinə alıb vərəqlədi. Kitabın adı, dilinin sadəliyi tutdu onu. Vaqif tez bir zamanda kitabı oxuyub onun maraqlı və “Əli və Nino” qədər dəyərli, lazımlı olduğunu söylədi.
Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi.
“Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, mən o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən bu xatirələrlə doğmalaşırdım, Mir İsmayılla birgə yaşayırdım o illəri, onların ağrı-acısını dadırdım. Bu xatirələrdən boylanan atamın uşaqlığını, nənə-babalarımın işıqlı üzlərini görürdüm… Çox heyfsləndim ki, atam istəkli dayısının bu qiymətli kitabını görə bilmədi. Və üzüldüm ki, atamın nəsli haqda necə də az bilgiliyəm. Bildiklərim nənəmin danışdıqları, türkiyəli qohumlarımdan eşitdiklərim idi.
Keçən yay mən Gəncədə olarkən yolüstü nənəmin qohumu, Rafat müəllim Cuvarlinskiylə onun evində görüşdüm. Rafat müəllimin yaşadığı birmərtəbəli ev Gəncədə “Yusifbəylilər mülkü” kimi tanınır. Bu nəslin Yusif bəy Yusifbəyli, Həmid bəy Yusifbəyli, Eyyub bəy Yusifbəyli, Nəsib bəy Yusifbəyli, Şükufə xanım Pişnamazova – Yusifbəyli, Çingiz Cuvarlı kimi görkəmli nümayəndələrinin divarboyu vurulmuş barelyefləri evə xüsusi görkəm verir.
Mən bu evdə olmuşdum. Lap çoxdan. Uşaq vaxtı nənəmlə gəlmişdim onun gülərüzlü, şirindilli qohumlarıgilə. Güllü-çiçəkli böyük həyətdə oynamağım da yadımdadır. Başqa heç nəyi xatırlamıram. Keçən illər ərzində bu həyət-baca da dəyişmiş, onun sakinləri də… İndi bu evdə məni haqqında eşitdiyim, ancaq telefonla danışdığım Rafat müəllim gözləyirdi. Otağa girər-girməz qədimilik ətri vurdu məni. Üstü naxışla işlənmiş antik bufet, böyük, qədim masa, əl işi olan ipək süfrə, divara vurulmuş fotolar… Ailə üçün müqəddəs sayılan bu əşyaları gələcək nəsillər üçün qoruyuram, – deyən Rafat müəllim, hərəsi bir tərəfində oturan oğlan nəvələrinə baxdı. Rafat müəllimin xəstə olduğunu bilirdim, ancaq onu da bilirdim ki, həyat enerjisini mənsub olduğu nəsli haqda söhbətlərdən alır. Onunla görüşüm bu deyilənləri təsdiqlədi. Əgər məni bütün görkəmindən xəstəlik, yorğunluq yağan, əsanın köməyi ilə özünü masa arxasına çatdıran, yaşından da yaşlı görünən bir qoca qarşıladısa, qohumlar haqda yorulmadan saat yarımlıq söhbətdən sonra məni qıvraqlaşan, gözlərinə işıq gələn Rafat müəllim yola saldı.