ÜZEYİR HACIBƏYLİ
XATİRƏLƏRDƏ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 24-cü kitab
Ön söz
Monumental operaların, ruhnəvaz operettaların, gözəl vokal, xor, kamera-instrumental əsərlərin, neçə-neçə qiymətli elmi məqalələrin və “Azərbaycan xalq musiqisinin əsasları” kimi taleyüklü monoqrafiyanın yaradıcısı olan Üzeyir bəy Hacıbəylinin bədii, elmi irsi ilə bərabər şəxsiyyətinə qarşı olan maraq və diqqət heç vaxt səngiməyib, əksinə, ildən-ilə artmaqdadır.
Hələ sağlığında ümumxalq məhəbbəti qazanmış Üzeyir bəyin qeyri-adi zəkası, fitri istedadı, hazırcavablığı, yüksək təşkilat-çılıq bacarığı, mərhəməti, səxavəti və digər keyfiyyətləri onun müasirlərinin diqqətini cəlb edib, hafizələrdə, uzun illər yaşayıb. Məhz bu “hafizələrdə yaşananlar” zaman keçdikcə gözəl xatirələrə dönmüş, bəziləri yazıya alınmış, bəziləri isə şirin bir əfsanə kimi dildən-dilə, nəsildən-nəsilə keçərək yaşamaqdadır. Bu xatirələrdə Üzeyir bəyin obrazı daha yeni-yeni cizgilərlə zənginləşir, doğmalaşır, bəşəriləşir. Bu xatirələrin müəllifləri arasında Üzeyir Hacıbəylinin tələbəlik dostları da var, öz tələbələri də…, görkəmli alimlər, bəstəkarlar, yazıçılar da var, sadə əmək adamları da…
Üzeyir bəyin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin tən-tənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, o böyük insanın ömrünün son günləri bu xatirələrdə öz geniş əksini tapıb.
Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü. Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.
Maraqlıdır ki, xatirələrin müəllifləri arasında Ü. Hacıbəylinin dostları, müasirləri – yəni, onu yetkin bir zəka ilə müşahidə etmiş insanlarla yanaşı, özləri məktəbli ikən Üzeyir bəyi görmüş, uşaq gözləri ilə müşahidə etmiş, onu izləmiş və həmişəlik yaddaşlarında yaşatmışlar da vardır.
Ən vacibi isə budur ki, kimliyindən asılı olmayaraq hər müəllif o böyük insan haqqında nə isə yeni bir faktı söyləyir, onun çoxşaxəli həyat və fəaliyyətini müxtəlif aspektlərdən, bucaqlardan işıqlandırır.Bu gün dahi bəstəkarın irsini öyrənən, həyat və yaradıcılığını tədqiq edən hər kəs üçün bu xatirələr və deyimlərin də müstəsna əhəmiyyət kəsb etməsi şübhəsizdir.
Dahi insanların həyatını göy üzünün qaranlıqlarını parlaq işıq seliylə yarıb keçən meteora bənzətmək olar. Meteor keçir, uzaqlaşır, ancaq göy üzündə izi xeyli zaman yaşayır. Onu görənlər isə uzun illər gördüklərini heyrətlə, sevinclə, möcüzə kimi xatırlayır.
Bu xatirələrin müəllifləri də böyük Üzeyir bəyi görərək bəlkə də o vaxt həyatlarının ən gözəl çağlarını yaşamış insanlardır. İndi isə o gözəl anları bizimlə bölüşürlər. Məgər bu azdır?