Читать онлайн «Dilarə»

Автор Джафар Джаббарлы

DİLARƏ

Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.

Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb tam məqsədə çatarkən bir fəlakətə uğrayıb məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?

Gün batar-batmaz idi.

Palçıqlı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. Xəstələnmiş, borca düşmüşdü. Bu gün bütün borcları bitir, hətta bir qədər artıq pulu da qalırdı.

Kiçik qızı Dilarə üçün yemişdən-zaddan almaq istəyirdi; paltarı da yox idi, amma hələ pulu çatmırdı.

Küçədən, müəllimləri başda olmaq üzrə, təmiz geyimli, gülərüzlü kiçik-kiçik qızlar, uşaqlar böyük bir intizam və əzəmətlə haraya isə gedirlərdi.

Bəşir durdu, baxdı: nə qədər də dinc, gözəl, təmiz, sevimlidirlər!. . Qızını xatırladı: “Zavallı ayaqyalın, köhnə, çirkli bir köynəklə gəzir. Bu cür geyinərsə, belə görünərmi? Dilarə bunlardan da yaraşıqlıdır. Belə geyinərsə, lap gözəl görünər... O da bu uşaqların arasında olsaydı, nə olardı?

Bu fikirlər sıra ilə Bəşirin başından bulanıq bir kölgə kimi keçirdi. Birdən nə isə anlaşılmaz bir duyğu onu çulğadı, məchul bir qüvvətin təsiri altında nə etdiyini özü də bilməyərək, qaçıb ömründə xatırlamadığı bir cəsarətlə müəlliməyə yanaşdı.

– Ay xanım...

Dili dolaşdı, nə deyəcəyini bilmirdi.

Müəllimə iri gözləri ilə Bəşirə baxdı.

– Bağışla, xanım, səndən bir təvəqqem var... Mən özüm palçıqçıyam. Bir balaca qızım var. Onu soruşuram ki, onu neyləyim?

Ona belə gəlirdi ki, müəllimə indi bu cəsarətlə ona yanaşdığı üçün acıqlanacaq, söyəcək, ya da bir acı söz deyəcəkdir. Müəllimə mülayim bir baxışla Bəşirin üzünə baxdı; bu qarışıq üzdə, cəsarəti üçün üzr istəyən bir günahkar gülüşü çırpınır, gözlərində mərhəmət uman bir taqsırkar izi inləyirdi. Bu zavallı görünüş mərhəmət hissi duydururdu.

– Əmi, qızın neçə yaşındadır?

 “Əmi” sözü Bəşiri şaşırdı. Bu gözəl geyimli, böyük, nəcabətli qadından bu sözü eşitməyə sanki özünü layiq bilmirdi.

– Səkkiz yaşında.

– Əmi, indi vaxtı keçmiş, lakin hər halda gətir, bir cür düzəldərik.

– Haraya? Nə vaxt?

Beləliklə sözləşdilər. Sabah Bəşir qızını müəllimin yanına aparacaqdı. Sonsuz bir məmnuniyyətlə:

– Allah sənə ömür versin! Allah kölgənizi başımızdan əskiltməsin, – deyə baş əyib, sevinə-sevinə ayrıldı.

Əvvəl bir qədər yeyinlədi. Sonra yavaşladı. Düşünürdü: “Nə mülayim adamdır!” Qızı da gözəl geyinəcək, oxumuş olacaq, qonşuları onu tərifləyəcəklər. Bəlkə bir zaman o da bu müəllimə kimi olacaqdır. Lakin qızı ayaqyalın necə aparsın? Arvada nə deyəcəkdir? Birdən dayandı. Özünü itirmişdi... Kömür meydanına doğru yönəldi, bir cüt köhnə çəkmə, bir köhnə libas da alıb evə qayıtdı. Dilara qışın soyuğuna baxmayaraq, bir cırıq köynəyi ilə onu qarşılayıb, ətəyindən yapışdı.

– Ay ata, o nədir? O çəkmələr kimindir? – deyə tez-tez təəccüblə soruşurdu.

Bəşir son vaxtlar evə heç bir paltar və bu kimi şeylər almırdı, xüsusilə çəkmə çox təəccüblü idi. Evdə çəkmə geyən yox idi. Heç başmaq tapılmırkən, birdən-birə çəkmə... kimsənin ağlına yerləşmirdi. Dilaranın səsinə çıxan anası da şaşırmışdı.